Azərbaycan dilinin Çəmbərək və Karvansaray şivələri
Taleyin qismətidir ki, Şövkət müəllim o yerlərdə doğulub. Doğulub və göz açıb o insanları, o şivələri gözləyən təhlükəni görüb, kənd-kənd, oba-oba, oymaq-oymaq gəzərək gördüklərini qələmə alıb. Nəsimi adına Dilçilik İnstitutu qayğı göstərib, akademik M.Ş.Şirəliyev mövzunun dəyərini qiymətləndirib, rəhbərlik və kömək edib. Nəticədə qiymətli bir əsər meydana çıxıb - indi mümkünsüz olan vaxtında mümkün olub.
Şövkət müəllim əsərdə indiki zamanın dili ilə danışır, o yerlərin gördüyü, müşahidə etdiyi qədim sakinlərini, həmvətənlərini, onların danışıq tərzini təsvir edir. Lakin indi o yerlərdə nə o insanlar var, nə də onların canlı və qədim oğuz ləhcəsinin sədaları eşidilir.
Yalnız həqiqi vətən sevgisi onların doğma səsini qeydə alıb sonrakı nəsillərə çatdırmaq gücünə malik olmuşdur.
Tədqiq olunan şivələr xalqın Çəmbərək və Karvansaray, ermənilərin İcevan və Krasnoselo adlandırdıqları rayonların ərazilərində yaşamış insanların şivələridir. Ötən əsrin 89-cu ilinə qədər bu insanlar neçə minillik öz dədə-baba yurdlarında yaşayıb-yaradır, əkib-biçirdilər. İndi o torpaqlar mənhus qonşularımızın tapdağına çevrilib, vətən övladlarının üzünə həsrətdir. Beynəlxalq irticanın zorakılıq qolu çox güclüdür.
Şövkət Kərimov ömrünün 60 ildən çoxunu bu ərazinin havasında nəfəs alıb, öyrəndiyi insanlarla birgə ömür sürüb. Mövzu üzərində 60-cı illərdə işləyib (1972-ci ildə bu mövzuda namizədlik dissertasiyası müdafiə edib), Ünsiyyətə girdiyi adamların nitq xüsusiyyətlərinə hədsiz dərəcədə bələd olduğundan bir ziyalı, bir alim kimi, torpaqların zəhmətsevər bir övladı kimi, şivələri o qədər dərindən vərəqləyib ki, elə bil, onların tomoqrafını çəkməyə çalışıb. O qədər zəngin və maraqlı xüsusiyyətlər var ki, düşünürsən ki, yerli əhali sonralar bu yerlərə ayaq basan ermənilərin düşüncələrindəki sinizmə baxmayaraq, öz dədə-baba nitq üslubunu arxayın-arxayın, heç bir şeydən pəysinmədən qoruyurmuş. Sözlər arasında əlaqə nəticəsində yaranan fonetik dəyişmələr, səsdüşümü, səsartımı, metateza, uyuşma halları yalnız şivələrlə ədəbi dilin fərqlərini deyil, dildə sözün inkişaf yolunu, sözün fonetik quruluşunun göz önündə necə dəyişdiyini öyrənmək və ümumiləşdirmək üçün də geniş material verir.
Ş.Kərimov 1964-1968-ci illərin Çəmbərəyi, bu illərin Karvansarayı ərazilərində yerləşən 18 kənddən material toplamışdır. Bu 18 kəndin şivələrini fonetik, leksik və qrammatik xüsusiyyətlərinin yaxınlığına görə ümumiləşdirərək Qaraqoyunlu, Göyçə və Ayrım şivələri kimi üç qrupa ayırmışdır. Əsərlə tanışlıq göstərir ki, bu ərazilərdə yaşayan insanların nitqi həqiqi mənada bir sıra xüsusiyyətləri ilə fərqlənmişdir. Qaraqoyunlu şivələrində müşahidə olunan dişarası z (d) səsi, sifətin azaltma dərəcəsinin - rınqı (-ırınqı) şəkilçisi, Göyçə şivələrində sağır n -in güclü mövqeyi, əmr şəklinin 2-ci şəxs təkində qədim - ayın, -ağın şəkilçisinin işlənməsi, xəbər şəklinin indiki zamanının 2-ci şəxs təkdə -an ( alır-an ) şəkilçisi, Ayrım şivələrində 1-ci şəxs cəmdə -ax xəbərlik şəkilçisinin ( alır-ax ), 2-ci şəxs cəmdə -sanız şəkilçisinin ( alır-sanız ) işlənməsi, nəqli keçmişin 1-ci və 2-ci şəxslərin təkində şəxs şəkilçisinin qapalı saitli olması ( almış-ım, alıf-sın )... dil tarixi üçün maraqlı faktlardır və əhali quş kimi öz yuvasından uçurulsa da, bunların vaxtında qeydə alınması gələcək tədqiqatlar üçün geniş material verəcəkdir. Təbii ki, doğma yurdundan didərgin düşən və hərəsi bir diyarda, bir mühitdə yaşayan, xüsusilə dağınıq şəhər mühitində yaşayan insanlardan bu cür faktlar toplamaq çətin olardı. Açıq saitlər əvəzinə qapalı saitlərin işlənməsi «Dədə Qorqud»u və daha qədim dövrləri yada salır. Çox qəribədir ki, qapalı saitlilik sözdə hər bir mövqedə özünü göstərir: söz əvvəlində - incil, ilac, uyax, uğuz (oğuz), uanda (o yanda); söz ortasında - şikil, yihər, zincir, zuğ (zoğ), quala (qovala), yıxalamax (yaxalamaq), cıvan (cavan), çırpışmax (çarpışmaq), yu(v)aş, yu(v)an, Gühər (Gövhər), güərmək; söz sonunda - mığmığı, Ağabalı, falaqqı və s. Bunlar o deməkdir ki, bəzi dilçilərin Quba dialektindən danışarkən ləzgi dilinin təsiri ilə bağlamağa çalışdığı bu xüsusiyyət ləzgi dilindən uzaq olan bu ərazi şivələrinin təsdiq etdiyi kimi, ləzgi dil əlaməti deyil, türk dillərinin qədim tarixindən gələn canlı izlərdir. Zükut - sükut, zərraf - sərraf, zoncuxlamax - soncuxlamaq kimi səs keçidlərinin türk tayfa dillərində neçə minillik tarixi vardır - Manna dövründə Saqarti - Zikurtu vilayət adında olduğu kimi. D>t tipli əvəzlənmələr ( tüşməx, tufar, tüşüncə, tişi və s.) indi « d» ilə başlanan bir çox sözlərdə «Dədə Qorqud»da da belədir. Bağman (bağban), eyməcər (eybəcər), balaman (balaban) tipli sözlərdə b>m keçidi bu xüsusiyyətin təsadüfi olmadığını, sözlərin ortasında da özünü göstərən sistemli tayfa dil əlamətləri olduğunu sübut edir. Sözlərin ortasına heç bir zərurət olmadan r, t, l samitlərinin artımı ( gorvut - gobud, mırtıx - mırıx; ulalmax - ulamaq, çəlpinə - çəpinə; başqaltı - başaltı və s.) göstərir ki, sözün fonetik quruluşunun genişlənməsi bir çox hallarda mənalı morfemlər hesabına deyil, tələffüz vərdişləri ilə də bağlıdır. Yoxsam, hələm, bəlkəm, dəfəm tipli sözlərdə son m səsi də bu qəbildəndir. Yanıncax, ermənicəx`, kəsdikcəx` tipli sözlərdə son x, x`, gəldikcən, verdikcən sözlərində son n , xahişd, noxsand sözlərində son d səsi də belədir. Hiss olunur ki, bunlar başqa səslərin interferesiyası nəticəsidir. Sözlərin ilk səslərinin düşümü - örüx`, örməx`, örümçəx`, örgü, ohalamax; umax, umuşax, oxarı, uxa, yaxud söz daxilində səs düşümü - oxantı (ovxantı), qaçı (qayçı), qurux (quyruq), heca düşümü - gətdi (gətirdi), qardalı (qarğıdalı) halları bir daha təsdiq edir ki, vahid dövlətin olmadığı, vahid təsərrüfat, iqtisadiyyat və əlaqələrin zəif olduğu, məktəbin, maarifin hamıya müyəssər olmadığı min illər ərzində dilin təbii, natural inkişafı prosesində sözlərin fonetik qabığının dəyişməsində fonetik hadisələr çox böyük rola malik olur. Alfatın - Əflatun, bayda - badya, yalnış - yanlış, zıpır - zırpı, dorğa - doğra, arğımax - ağrımaq, xarmalı - xamralı, yamşax - yaşmaq, həməccər - məhəccər, xosulmax - soxulmax, xuncur - xurcun, fəsarət - fərasət, təlpəx` - pəltək, arcıd -ardıc, Məhalət - Məlahət... kimi çoxsaylı sözlərdə metatezanın rolu sözün tarixi inkişafında səslərin yerdəyişməsinin əhəmiyyətini xüsusi qiymətləndirməyi tələb edir.
Şivələrdə yalnız damaq ahəngi deyil, dodaq ahəngi də güclü olmuşdur. Vurğunun çoxhecalı sözlərdə çox zamani ilk hecaya düşməsi də qədimlik, ilkinlik əlamətlərindəndir. Bu şivələrdə hətta arxa sıra qalın ı saiti də söz başında möhkəmdir: ıldırım, ıldız, ışıltı, ılıx, ırızqı (ərzaq), ılxı və s. Bu sözündə b>m əvəzlənməsi ( munun, muna, munu, munda, munnan ) karluk tayfa dil xüsusiyyəti kimi başqa şivələrimizdə də geniş yayılmışdır.
Şivələrin morfoloji quruluşunun tədqiqi dilimizin tarixi ilə bağlı maraqlı xüsusiyyətlər üzə çıxarır. Qeyri-qəti gələcək zamanın inkarının 1-ci şəxs təkindən danışarkən müəllif yazır: «Azərbaycan dili dialekt və şivələrinin tədqiqi göstərir ki, - manam, -mənəm forması hələ də müəyyən dialekt və şivələrimizdə işlənməkdədir. Lakin Ağbulaq kəndində səciyyəvi bir şəkilçi kimi işlənən -mam, -məm forması hələlik başqa dialekt və şivələrimizdə müşahidə olunmamışdır». Əsərdə nitq hissələrinin hər birinin morfoloji quruluşundan ayrıca bəhs edilmiş, sözdüzəldicilik vasitələri, sözlərin mürəkkəbləşmə üsulları barədə xüsusi məlumat verilmişdir. Müəyyən edilən morfoloji göstəricilər - sözdüzəldici şəkilçilər ədəbi dilimizdəki şəkilçilərin variantları ilə yanaşı, ilkin və ya qədim qrammatik semantikası barədə də fikrimizi genişləndirir. Yatalğa (gecələmək yeri), qaçalğa (qaçıb dayanmaq yeri), duralğa (durmaq yeri), düşəlyə (gəlir, mədaxil), görəlyə (gəlini görmək üçün düzəldilmiş məclis), könəlyə (yığıncaq) sözlərində əksərən feldən isim düzəldən -alğa, -əlyə şəkilçisinin, deyəsən, ədəbi dilimizdə heç prototipi də yoxdur; -anaq, -ənək şəkilçisi indi nisbətən o qədər də məhsuldar deyildir, lakin qeyd edilən şivələrdəki bərkənəx` (bərk yer), əkənəx` (əkin yeri), əsənəx` (xəstəlik adı), görənəx` (dəcəl uşaq) kimi sözlər göstərir ki, bu cür şəkilçilərin bir vaxtlar işlənmə imkanları geniş olmuşdur. Yaxud: tıxlamac (çoxlu çörək doğranmış xörək), burmanc (buruq toğlu), addamaş (kiçik körpü), tırtdamac (qatı xörək) sözlərində - mac şəkilçisinin; əydi (ağacdan qaşıq hazırlamaq üçün alət), düydü (yaylıq) kimi sözlərdə -dı şəkilçisinin; suat (su götürülən yer), yuat (sürünü çimizdirmək üçün göl) kimi sözlərdə -at şəkilçisinin fəallığı maraq doğurur. Bu cür şəkilçilərin qeydə alınması istiqamətində görülmüş işlər çox faydalıdır.
Ş.Kərimov sözün quruluşundan danışarkən verdiyi nümunə-misalların özləri də şivə leksikasını öyrənmək üçün maraqlı materialdır: cəhrəpəri (ağac növü), qoyungözü (naxış), qoyunqulağı (ot növü), çilix`burnu (ot növü), əbbəx`şorvası (duru xörək), doşanalması (xırda kol), pişix`cıynağı (bitki), itağacı (ağac növü) və s. mürəkkəb sözlər yanaşma-uzlaşma əlaqəli birləşmə modelinin mürəkkəb söz yaradıcılığı üçün şivələrdə geniş imkanlar yaratdığını göstərir. Motmotu (bitki), maşmaşı (ot növü), mığmığı (ağcaqanad) kimi tərəfləri ayrılıqda məna verməyən sözlərin necə yarandığı da düşündürücüdür.
Ayrım şivələrində 1 və 2-ci şəxslərin cəmini bildirən xəbərlik şəkilçilərinin açıq saitli olması (1-ci şəxs cəmdə -ax,-əx`, -adamax, insanax, oyçuyax, tütünçüyəx` ; 2-ci şəxs cəmdə -san,ız, -sən,iz - qonşusan,ız, səbirsizsən,iz) həmin şivələri tədqiq olunan digər şivələrdən daha çox fərqləndirir. İşarə əvəzliklərinin otana, butana, odrana, budrana, odra şəkillərində işlənməsi, görünür, cümlənin ilkin polipredikativ inkişaf dövrünün qalıqlarıdır. Azərbaycan dilinin ədəbi qolunda çoxdan sıradan çıxdığı halda, bu şivələrdə hələ də kəndi əvəzliyinə təsadüf edilmişdir. Lakin yalnız qocaların dilində müşahidə edilməsi bu sözün şivələrdə də məhdudlaşdığına dəlalət edir. Həncəri, həsi, nağartana kimi sual əvəzlikləri şivələrin ədəbi dil təsirindən uzaq düşdüyünü düşünməyə əsas verir; «bir kimsə», «bir adam» mənasında kimsənə əvəzliyi «Dədə Qorqud»dan bu yana xalq dilində, onun şivələrində yaşamaqdadır. Dalamırtdanmax (nahar etmək), sumbatdanmax (yaxşılaşmaq, gözəlləşmək), xüdüx `lənməx` (meyillənmək), qaralanmax (fikirləşmək), qurğazdanmax (azca qurumaq), boğazdaşmax (mübahisə aparmaq), əyaxlaşmax (sağalmaq, yaxşılaşmaq), yollaşmax (razılaşmaq) tipli fellərin hamısı təbii yolla - -la+-n, -la+-ş şəkilçilərinin adlara artırılması ilə düzəlib və hər birində ilkin məna ilə əlaqə işartıları yenə qalmaqdadır. Hətta bir çoxu fərqli mənalarda ədəbi dildə də işlənir. Cilməx` (çalmaq - oğurlamaq) feli nə qədər dəyişikliyə uğrasa da, yenə əslindən tam uzaqlaşmayıb. Qəribədir ki, «oğurlamaq» mənasında cilməx` feli ilə yanaşı, şivələrdə ot biçmək, yaylıq ilə başı bağlamaq, süpürmək, ağaca mismar vurmaq və nəhayət, oğurlamaq mənasında çalmaq feli də vardır. Hələ də bu şivələrdə qarala qalmax (qaralaraq qalmaq), qurula qalmax (qurularaq, nizamlanaraq qalmaq), səvərə yatmax (uzanıb yatmaq) kimi birləşmələrin birinci komponentində qədim -a,-ə feli bağlama şəkilçisi qalmaqdadır. «Dədə Qorqud» ənənələri ilə üz üzdəməx`, ot otdamax, dən dənnəməx`, saf saflamax (balta, bel saplamaq), qar qarramax, yağ yağlamax, xotma xotmalamax (kiçik ot tayası düzəltmək) kimi saysız daxili obyektli fellər işlənməkdədir; bunların biçin biçməx`, qorux qorumax, əkin əkməx` tipi də vardır. Əmr şəkli birinci şəxs təkin gəle:m, gede:m, görö:m şəklində işlənməsi bir sıra yerli tayfaların qədim osmanlı tayfaları ilə bir kökdən olduğunu güman etməyə əsas verir. Tarixən o ərazilərdən bu yerlərə köçürmələr olmuşdur. Ayrım şivəsində və Haqqıxlı kəndində indiki zaman şəkilçilərinin e:r, o:r, ö:r şəkillərində işlənməsi də eyni izlərlə bağlıdır. Mürəkkəb zərflərin sözün təkrarı ilə yaranan forması - korun-korun (az-az), əfil-əfil (tez-tez), qırt-qırt (hissə-hissə), mısdır-mısdır (lovğa-lovğa) və s. kəmiyyəti, əlaməti artırmağın, çoxaltmağın çox qədim üsuludur. Şivələrdə səciyyəvi köməkçi nitq hissələri vardır. Məsələn, nümunələrdən aydın olur ki, həngi sözü «kimi» qoşması məqamında ( Əhməd həngi, Telli həngi, mən həngi) işlək olmuşdur. Hətta bu şivələrdə ki bağlayıcısı kın, kin, kun, kün şəklində ahəngə də uyğunlaşırmış. Bu bağlayıcının kına, kinə, kuna, künə forması da diqqəti cəlb edir. Şivələrdə maraqlı bir ədat - qa ədatı müşahidə edilmişdir - müəllifin fikrincə, -mı ədatının sinonimidir və kinayə məqsədilə işlədilir: Hər afdoya ot gətiməə onca manat verdişqa? (Yəni: Hər maşina ot gətirmək üçün on manat verdinmi - verməli oldunmu?) Fikrimizcə, bu qa sonrakı dövrdəki hə ədatıdır, çox qədim formadır, hələ Füzuli dövründəki formasını saxlamışdır. Oruc biçibbi taxılı? - cümləsindən göründüyü kimi, dilin inkişafında əks proseslər baş verə bilir: adətən, b samiti m- ə keçdiyi haldı, burada m>b keçidi vardır.
Ş.Kərimov sözlərin canlı şivə nitqində necə birləşdiyini şərti işarələrin köməyi ilə ustalıqla əks etdirə bilmişdir: yağannığ olduğunö:rə, qoyun sağmağe:tdilər, bö:ynnəri, gedirdix` köme:ləməyə, bizə:ldi. Sürətli nitq prosesində sözlər birləşərkən müxtəlif səslərin düşümü tarixən etimoloji izahı çətin olan çoxhecalı sözlərin yaranma mənbəyi olmuşdur. Min illər proses bu cür getmişdir.
Şivələr çox qədim sintaktik əlaqə formalarını da saxlamışdır. Bir sıra fellərin yerlik hal əvəzinə yönlük halı ( Keçən ilin yazına getdix ` ), təsirlik hal əvəzinə yönlük halı ( Cijimə çağırdım kin …), yerlik hal əvəzinə təsirlik halı ( Payızı dırmadırış yığırax ) tələb etməsinin neçə min illik tarixi vardır. Təyinin təyinlənəndən sonra işlənməsi halları da ( Hürü yazıx, Əli yekəlməmiş ) Hind-Avropa dilləri üçün səciyyəvi sayılsa da, keçən əsrlərə qədər dilimizdə fəal olmuşdur. İl on iki ayda (ilin on iki ayında) tipli birləşmələrdən görünür ki, bu şivələr ən qədim analitik formaları da mühafizə etmişdir. Aşkar üçüncü növ ismi birləşmə kimi təsəvvür olunan birləşmələrin birinci tərəfinin şəkilçisiz işlənməsi əvvəlkindən bir qədər sintetikdir: Qoyunnar beşi də doğuf. Uşaxlar üçü də bizə:ldi. Ya - ya bağlayıcısı bu şivələrdə ye - ye şəklinə düşür: Sana ye mən köme:liyəjəm, ye Hasanalı. Gah bağlayıcısı məqamında ara sözünün işlənməsi: Ara çən yerə çökür, ara gün düşür… Mürəkkəb cümlə komponentlərinin daha çox intonasiya ilə əlaqələnməsi, şərt budaq cümləsinin asindetik tipinin işləkliyi - bütün bunlar eyni mənbə ilə - qədimlik və xalq dili ilə bağlıdır.
Ş.Kərimov leksika məsələlərini şivələrin lüğət tərkibinə daxil olan nadir sözlərin təsviri ilə məhdudlaşdırmamış, tayfa adları, köhnə çəki, ölçü, zaman məfhumları, köhnə vergi, vəzifə və rütbə bildirən sözlər, termin səciyyəli sözlər, kənd təsərrüfatı alətləri və onların hissələrinin adları, maldarlıq terminləri, arıçılıq, toxuculuq, xörək, çörək növləri, geyim və bəzək şeyləri, xəstəlik növləri, quş, it, ağac, meyvə, ev əşyaları adları və s. kimi müxtəlif qruplara ayırmış, bu qruplar haqqında məlumat vermiş və şivə leksikasının indi artıq unudulmaqda olan böyük bir layını mühafizə edib saxlaya bilmişdir. Müəllifin topladığı materialdan aydın olur ki, tirə, coyğa, son, toxum, basalax, kəryə, ələmə (törəmə), baldırbayı (övlad) sözlərindən tayfa, nəsil, törəmə bildirmək üçün geniş istifadə edən Çənbərək və Karvansaray əhalisi kəndlərin daxili tirələrini də daim hesaba almışlar. Təkcə Gölkənd kəndində Cıvıxlı, Gödəlli, Zeynallı, Pirilər, Pəmbəx`li, Malxarrı, Tağlar, Qıcırrı, Qojalar, Perənni, Zəryarrı, Vələnni, Noyruzlu, Nağlar, Zağarrı, Pontallar, Avışdı, Qahrılar, Kazımlı, Fışqarrı, Qəşədərri kimi tirə adları bir kökdən olan əhalinin tədricən tirələrlə necə parçalandığını, artıb çoxaldığını təsəvvür etməyə imkan verir. Türk elləri tarixən bu cür çoxalmışdır. Tayfa adları içərisində Qaramannı, Ayrımlar, Qələndərri, Mancannı, Koruşdu, Ozannı, Kələşdi, Qoturru, Girdivan və s. qədim tayfa və yer adları ilə bağlı toponimlər vardır.
Biz əsərdə şivələrdəki səciyyəvi qadın və kişi adlarının tipik nümunələri ilə də tanış oluruq. Bu şivələrdə Şəmən, Aşa, Narın, Qutu, Tulum, Otyığan, Comuşsağan, Yolçu, Malçı, Dölçü, Binəçi, Arançı, Danaçı, İlxıçı, Yığan, Qaytaran, Oynaqan, Anası, Qarası, Maması, Vəlçə, Alaşqa, Çaylar, Xuvlar, Ovlar kimi çox maraqlı insan adları vardır. Müəllif bunların ləqəb olmadığını göstərir, lakin hiss olunur ki, bunların çoxu ləqəblər əsasında əmələ gəlmişdir. Azərbaycanın başqa kəndləri kimi, bu kəndlərin camaatı da qəribə ayamalar qoymaqdan ləzzət alırmış: Ölü Qurvan, Qırt-qırt Tamam, Dıdı Şəmşi, Dındılı Xasməmmət, Zağar Səmət, Mantyor Qara, Qarağat Yedyar, Pişix` Avdılla, Bəki Alı, Doşan İrvahım, Pasdoy Mübariz, Amanoy Nəsif...
Hazırkı gənc nəslin bilmədiyi, əhalinin əsrlər boyu işlətdiyi: batman (8 kq), girvənkə (400 qr.), tağar (25 pud), çanax (8 kq.), uruf (200 qr.), xalvar (25 pud), misqal (4 qr.), isdil (300 qr.), çərəx` (2 kq.), pud (16 kq.), tutam (bir qarış) çəki, ölçü adları; quyrux doğan ay, qora bişirən ay, maral böyürən ay, elbaşı qayıdan ay, oylax qıran ay, comuş qıran ay, döl ayı və s. kimi etnoqrafik zaman adları insanların hər şeyi necə misqal-misqal, zamanı əkin-biçinə, maldarlığa uyğun şəkildə necə dəqiq böldüyünə heyrət doğurur. Kotan, xış və onların hissələrinin adları, xırman və xırmanla bağlı sözlər, araba, boyunduruq, təkər və onların hissələrinin adları, əkin sahələri ilə bağlı sözlər, tütünçülük leksikası, zəngin maldarlıq, bağçılıq, arıçılıq, toxuculuq terminləri… - bütün bunlar müəllifin o vaxtkı zəhmətinin bəhrəsi olub şivə əhalisinin etnoqrafik leksikasının unudulmaqda olan qatlarını əhatə edir. Keçmişi öyrənmək istəyən gələcək nəslə bunların böyük köməyi olacaqdır.
Əsərdə sözün semantik cəhəti - şivə leksikasının sinonim, omonim və antonimliyi haqqında məlumat verilmiş, şivə sözlərinin omonimliyi lüğətdə xüsusi əks olunmuşdur.
Ş. Kərimov zəhmətə qatlaşaraq, xeyli folklor materialı - atalar sözləri, tapmacalar, nağıllar, bayatılar, söhbətlər, uşaq mahnıları toplamışdır. Bunlar müəllifin ümumiləşdirdiyi və nəticə çıxardığı fikirləri əsaslandırmaq üçün etibarlı mənbədir.
Əsər şivələrdə işlənən səciyyəvi sözlərin lüğəti ilə tamamlanır. Hər bir söz nümunə-cümlə içərisində verilmişdir. Bunlar sözün mənşəyini və mənasını daha düzgün başa düşməyə imkan yaradır. Məsələn, ağartmaq sözü ədəbi dilimizdəki açıb-ağartmaq ifadəsindən fərqli olaraq, heç bir mənfi çalara malik olmadan bilavasitə «bildirmək», «söyləmək» mənasını ifadə edir; ajımax (acımaq) adətən birinin halına acımaq, yazığı gəlmək mənasını bildirir, şivələrdə «acığı tutmaq» mənasındadır; atmacalamax - atmacalı sözlər deməkdir, şivələrdə «dağıtmaq», «paltarını yırtmaq» mənasındadır. Eləcə də: bozarmaq - böyümək, bozdamax - qorxutmaq, vasqılamax - özünü səliqəyə salmaq, vıjımax - cəld getmək, qımılmax - gizlicə qaçmaq, qonqumax - oturmaq, daylaxlamax - qaçmaq, əvdiməx` - yemək, yabban - alçaq, yoncumax - yalvarmaq, gilif - baca, mejdin - fərsiz, muzu - xəsis, on,almax - sağalmaq, yaxşılaşmaq, ön,ür - yaxa, sarma - gərmə, tejannamax - böyümək, genəlmək, çöz - bağırsaq, çözüməx` - ərimək, cürüm - bir parça, şöhləməx` - kəsmək… mənalarındadır. Burada hər mənbədən hər cür söz vardır və bunların hamısını izah etmək mümkündür: bozdamax - «Dədə Qorqud»dan gələn sözdür: ağlamaq, bozlamaq mənasında; söz qəfil haray-həşir salmaqla qarşıdakını qorxutmaq mənası qazanmışdır; vasqılamaq - rus dilindən alınmış vaksa (çəkmə yağı) sözündəndir: çəkməsini silmək, təmizləmək, yağlamaq mənasından bütövlükdə özünü səliqəyə salmaq mənasına keçmişdir; vıjımax - təqlidi sözdəndir, vıjıltı ilə getmək, qaçmaq mənasındadır; qımılmax - çox yavaş tərpənmək mənasında qımıldamaq sözü ilə bir kökdəndir; qonqumaq - «Dədə Qorqud»dakı «qonmaq» (oturmaq, sakin olmaq) sözündəndir; daylaxlamax - dəvə balası kimi götürülmək, qaçmaq; əvdiməx` - bir-bir yığmaq mənasındadır, şivədə yeməyin hamısını bir-bir yemək mənası verir; yabban - arxaik «yaban» sözüdür («Dədə Qorqud»dakı «yazıda, yabanda» sözləri); yoncumax - yön çevirmək, acizanə müraciət etmək (Qurbanidə); kağan - koğ (əyri) sözü ilə bağlı olmalıdır; gilif - ki/qu sözündəndir, çuxur yer, quyu deməkdir; mejdin - məcnun sözüdür, dəli, avara; muzu - mızı, xırdaçı mənasındadır; on, almax - « Dədə Qorqud»dakı on,maq, on, əlmək (yaxşılaşmaq, sağalmaq) sözüdür; ön,ür - ön, yaxa sözündəndir; sarma - sərmək felindən sərilən, qurudulan deməkdir; tejannamax - genəlmək deməkdir, qoyun qarnından olan və asanlıqla genələn yağ, pendir, motal qabları ilə müqayisə əsasında yaranmışdır; çöz sözü acı bağırsağın çözülməsi ilə bağlıdır, çözüməx sözü də eyni kökdən olub çözülüb qurtarmaq, ərimək mənası almışdır; cürüm (Qarabağ şivələrində cırım ) «cırmaq» felindəndir, cırılmış, kəsilmiş kiçik bir parça; şöhləmək - şaxlamaq, şax-budağı doğramaq mənasındadır.
Bu sözlər sırasında Karvansaray və Çəmbərəx` toponimlərini də araşdırmaq olar. Karvansaray sözünün mənası məlumdur: «karvan saxlanan yer, bina, tikili» deməkdir. Çəmbərəx` sözünün müxtəlif yozumları vardır. B.Budaqov və Q.Qeybullayev «dağ döşündə hamar yer» mənasında ( çəmbərə şəklində) izah etmişlər. (1;420) Lakin heç şübhəsiz, şivələrin özündə işlənən çəmbərə sözü ilə bağlıdır. Müəllifin öz lüğətində bu sözə iki dəfə rast gəlmək olur: çəmbərə - içərisinə qatıq yığılan tuluğun ağzına tikilən dairəvi çubuq; kağan - boyunduruğu arabaya bağlamaq üçün göndən hazırlanmış çəmbərə . Çəmbər (çənbər) sözü klassik ədəbiyyatımızda fars dilindəki çərx sözü ilə birlikdə çərxi-çənbəri şəklində, «dairəvi səma» mənasında işlənmişdir. Şivələrdən verdiyimiz misallar da göstərir ki, çəmbərə dairəvilik bildirən addır. Müəllifin dediyinə görə, Çəmbərək ərazisi qövsvarı yerləşməsi ilə seçilən bir ərazidir.
Bəlkə də, dumanın, çənin daha tez bürüdüyü yer, çən bərəsidir bu yerlər. Sözün sonundakı x` bu şivələrin səciyyəvi səsartımı hallarındandır.
Kənd adlarına diqqət yetirək: Göyçə, Şorca, Toxluca, Cil, Ayıbulax (Göyçə şivələri); Qaraqoyunlu, Cıvıxlı, Gölkənd, Çaykənd, Qaraqaya, Yanıxpəyə (Qaraqoyunlu şivələri); Polad, Alaçıqqaya, Haqqıxlı (Ayrım şivələri) və s. Bu toponimlərin türk mənşəli olduğunu izah etməyə ehtiyac yoxdur. Bunlar əksəriyyət etibarilə etimologiyası göz önündə olan kənd adlarıdır. Etnoqrafik cəhətdən öyrənmək olar ki, nə münasibətlə yaranmışlar, lakin dilçilik baxımından axtarışlara o qədər də güc tələb olunmur. Bir qədər Göyçə dairəsindəki Ardanış, Qaraqoyunlu ərazisindəki Əmirxeyir, Bəryabad, Salah, Ayrım dairəsində Ağkilsə kənd adları barədə düşünmək olar. Salah - xüsusi addır və bu adla ölkəmizin ərazisində Salahlı kəndləri var. Toponimin qazax türk tayfasına məxsus salahlı etnonimindən yarandığı qeyd edilir.(2;505) Əmirxeyir toponiminin də birinci komponenti Əmir xüsusi addan ibarətdir; ikinci komponent isə türkcə «vadinin suvarılan hissəsi» mənasında kair sözü ilə əlaqələndirilir. (1;253) Başqa bir fikrə görə, ikinci komponentdə «sıldırım qaya» mənasında kayır, kair kökü vardır. (2;316)
Hər halda, sıldırım qaya yox, Əmirə suvarılan sahə məxsus olardı. Ağkilsə xristianlığın Ermənistan və Gürcüstandan daha tez yayıldığı Albaniya ərazisindəki kilsə ətrafında salınmış kəndin adıdır və bunun katolik erməni kilsəsi ilə heç bir əlaqəsi yoxdur.
Kənd adları içərisində Ardanış toponimi daha maraqlıdır. 1728-ci ilə aid mənbədə Ardaniç kimi qeydə alınmışdır.(3;17, 1;126) Etimologiyası haqqında müxtəlif fikirlər vardır. Bir fikrə görə, «dağ», «dağlıq», «dağ kəndi» mənasında art sözündən, məkan bildirən -an və sözdüzəldici -ış şəkilçisindən ibarətdir.(2,73) B.Budaqov və Q.Qeybullayev isə əhali ilə birlikdə Türkiyə ərazisindən gətirilmə ad olduğunu (Ərzrum və Batum əyalətlərində də Ardanuç adlı kəndlər vardır) qeyd etmiş, mənasını dəqiqləşdirmək mümkün olmasa da, iki fərziyyə söyləmişlər. Bir fərziyyəyə görə, İran dillərindəki arta/arda - «müqəddəs» sözü ilə bağlı ola bilər. Arta/arda sözü «pozulmaq», «pisləşmək» mənasında qədim türk lüğətində də vardır.(4;56)
Fikrimizcə, müəlliflərin sonrakı yozumu daha ağlabatandır: art - türk dillərində «dağ», «dağ keçidi», «aşırım», anış - «eniş» sözüdür (1;126) - ümumi mənası «dağ enişi», «dağ ətəyi» deməkdir.
Cıvıxlı toponiminin əsli cibikli (başqa adı Çinarlu ) hesab olunur və cibikli türk tayfa adını yaşatdığı göstərilir. (1;431-433) Çubuxlu etnoniminin şivə variantı hesab olunur.(2; 635-636)
Gölkənd sözünü yerli əhali kəndin ərazisində göllərin çoxluğu ilə izah edir. Toponim qədim qul tayfa adı ilə də əlaqələndirilmişdir (Qulkənd). (1; 323) İrəvan əyalətinin Novobayazid və Şirakel nahiyələrində Gölkənd adlı kəndlərin olması da bu fikrin ağlabatan olduğunu göstərir.
Göyçə toponimi, şübhəsiz, Göyçə gölünün adındandır. Göyçə gölünə isə bu ad suyunun mavi rəngə çalması ilə əlaqədar verilmişdir. Şorca toponimi «şor yer» mənasındadır. Ağbulaq sözü «içməyə yararlı su» mənasında ağ sözü ilə bulaq sözündəndir. (1;104; 2,27)
Toxluca kənd adının əsli Tukluca hesab olunur və qıpçaqların tuk tayfasının adını yaşatdığı göstərilir. (1;390)
Qaraqoyunlu toponiminin Qaraqoyunlu türk tayfa birləşməsinin və birləşmənin yaratdığı dövlətin (1410-1468) adını əks etdirdiyinə heç bir şübhə yoxdur. Bəryabad toponimini isə B.Budaqov və Q.Qeybullayev monqolca bayri - «düşərgə» və abad - «kənd» sözlərinə ayırmışlar.(1;156)
Qaraqaya - « böyük, hündür» mənasında qara sözü ilə qaya sözünün birləşməsindən əmələ gəlmişdir.
Ayrım kənd adı ayrım (ayrum) tayfasının adını daşıyır. Əhalinin Əmir Teymur tərəfindən Türkiyədən bu yerlərə köçürüldüyü və sözün El-Rum sözünün təhrifi ola biləcəyi güman edilir. (1;115)
Polad kəndinin əhalisi Ayrımların bir qolu olub, Poladçayı ətrafında məskunlaşanlardır. Alaçıqqaya toponiminin birinci komponenti Alaciki dağ adının təhrifi hesab olunur. Alaciki - ala və ciki sözlərindən «ala dağ dərəsi» mənasını verir.(1;119)
Haqqıxlı toponimi isə haqqıxlı etnonimindən yaranmış etnotoponim sayılır. (2;124)
Hamısı əsilli-köklü Azərbaycan kəndlərinin ən qədim sakinləri olan belə bir xalqın öz yurdunu məcburi şəkildə tərk etməsi, doğma torpaqların doğma insanların nəfəsinə həsrət qalması barədə düşündükcə daxilində səni mənhus bir boşluğa sürükləyən, adına «insan» deyilən qonşularımızın yaramazlığına qəzəb doğuran hisslər baş qaldırır.
Beləliklə, biz keçən əsrin 60-cı illərinin elmi təlabatı əsasında yaranmış bu əsəri diqqətlə nəzərdən keçirdik və onun böyük zəhmətin bəhrəsi olduğunu, irtica selinin qurbanı olan və bundan sonra tədqiqi mümkün olmayan şivələrin faktları ilə zənginliyini nəzərə alaraq çap olunmasını faydalı və zəruri bildik.
Qeyd etdiyimiz kimi, Şövkət Manaf oğlu Kərimov bu aləmin öz yetirməsidir, Gölkənd kəndində anadan olmuşdur. Qazax müəllimlər institutunu (1951-1952), Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsini (1953-1957) bitirmişdir. Gölkənd orta məktəbində müəllim, tədris işləri üzrə direktor müavini, direktor, Karvansaray Maarif Şöbəsində inspektor, Yerevan Dövlət Pedaqoji İnstitutunda müəllim vəzifələrində işləmişdir. 1989-cu ildən Azərbaycan Texniki Universitetinin dosentidir. 1972-ci ildə dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. 50-dən artıq elmi məqalənin, bir sıra metodiki ədəbiyyatın müəllifidir.
Gölkənd böyük ziyalılar ordusu yetirmişdir. Ona görə də vaxtilə «kiçik akademiya» adlandırılmışdır: «Gölkənd kəndinin məzunlarından 20-dən çox elmlər doktoru, 100-dən çox elmlər namizədi yetişmişdir. Tarix elmləri doktoru Həmid Əliyev (mənim də sevimli müəllimim olmuşdur - Q.K .), iqtisad elmləri doktoru Həsən Allahverdiyev, kimya elmləri doktoru Qayıbverdi İskəndərov, tibb elmləri doktoru Sabir Əliyev, kimya elmləri doktoru Firdovsi Seyidov Gölkənd orta məktəbinin yetirmələrindəndir. Gölkənd orta məktəbi Şövkət Kərimovun rəhbərlik etdiyi dövrdə (1964 -1988), xüsusilə böyük müvəffəqiyyətlər əldə etmişdir». (5)
Bu sözlər Şövkət müəllimin bir alim, bir tədqiqatçı, həqiqi bir pedaqoq olmaqla yanaşı, bacarıqlı təşkilatçı, vətənsevər bir insan olduğunu bir daha təsdiq edir.
İndi Şövkət müəllim ömrünün müdrik çağlarını yaşayır. Bir il sonra 75-ə çatacaq. Biz bu kitabı çapa onun 75 illiyinə hədiyyə kimi hazırladıq, ona cansağlığı və daha dolğun yaradıcılıq arzuladıq.
11.02.2004
ƏDƏBİYYAT
1. B.Ə.Budaqov, Q.Ə.Qeybullayev. Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti. Bakı, «Oğuz eli», 1998.
2. İ.Bayramov. Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Bakı, «Elm», 2002.
3. Başbakanlık Arşivi. Qapu tahrir defterleri 808. 1728-ye tarihi. Revan eyaleti Defteri.
4. Drevnetörkskiy slovarğ. Leninqrad, «Nauka»,1969.
5. «Xalq qəzeti»,11 mart 1998-ci il.
No comments:
Post a Comment